Koronavirus (COVID-19): Valideynlər nəyi bilməlidir?

Koronavirus (COVID-19): Valideynlər nəyi bilməlidir?
3/21/2020

Özünüzü və uşaqlarınızı necə qorumalı?

Yeni” koronavirus nədir?

Yeni koronavirus (CoV) dedikdə koronavirusun yeni ştammı nəzərdə tutulur. 

İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilən xəstəlik koronavirus xəstəliyi 2019 (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D - xəstəlik (ingilis dilində “disease”) deməkdir.  İlk vaxtlar bu xəstəlik “2019 yeni koronavirus”, yaxud “2019-nCoV” olaraq da adlandırılmışdır.

 

COVID-19 virusu Ağır Kəskin Respirator Sindrom (SARS) ilə eyni virus ailəsi və adi soyuqdəymənin bəzi növləri ilə əlaqələndirilən yeni virusdur.  


COVID-19 virusu necə yayılır?

Bu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVID-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir.  


Koronavirusun simptomları hansılardır?

Simptomlara hərarət, öskürək və təngnəfəslik aid ola bilər. Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər. 

Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Əsas profilaktik tədbirlərin eyni olduğunu yadda saxlamaq vacibdir - əllərin tez-tez yuyulması və respirator gigiyena (öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın). Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın. 


Özümü yoluxma riskindən necə qoruya bilərəm?

İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı dörd ehtiyat tədbirindən yararlana bilərsiniz:

  1. Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun 
  2. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın
  3. Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçın
  4. Hərarətiniz və ya öskürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə, həkimə müraciət edin

Tibbi maskadan istifadə etməliyəm?

Tibbi maskadan istifadə respirator simptomlarınız (öskürək və ya asqırıq) olarsa, digərlərini qorumaq üçün tövsiyə olunur. Əgər sizin hər hansı simptomlarınız yoxdursa, maskadan istifadə etməyə ehtiyac yoxdur. 

Əgər maskadan istifadə edirsinizsə, onun effektivliyinin təmin edilməsi və virusun ötürülmə riskinin artmasının qarşısını almaq məqsədilə həmin maskalar düzgün qaydada geyinilməli və tullanılmalıdır.

İnfeksiyanın qarşısını almaq üçün təkcə maskadan istifadə etmək kifayət deyil və onunla bərabər əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları  (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq lazımdır.  


COVID-19 xəstəliyi uşaqlara təsir edirmi?

Bu yeni bir virusdur və onun uşaqlar və ya hamilə qadınlara necə təsir etdiyi hələ ki tam öyrənilməmişdir. Onu bilirik ki, istənilən yaşda olan insanların bu xəstəliyə yoluxması mümkündür, lakin indiyə qədər uşaqlar arasında COVID-19 hadisələri nisbətən az qeydə alınmışdır.

Ər mənim uşağımda COVID-19 simptpomları vardırsa, mən nə etməliyəm?

Həkimə müraciət edin,  COVID-19 xəstəliyinin öskürək və hərarət kimi simptomları qripin və ya soyuqdəymənin  eyni simptomlarına bənzəyə bilər ki, bu simptomlar da qat-qat çox yayılmışdır.

Tez-tez əllərinizi yuyaraq əl və respirator gigiyena qaydalarına riayət edin və uşaqlarınızı vaxtında peyvənd etdirin ki, onlar xəstəlik törədən digər virus və bakteriyalardan qorunmuş olsun. 

Digər respirator infeksiyalarda, məsələn qrip zamanı olduğu kimi sizdə və ya uşağınızda simptomlar müşahidə edilirsə, həkimə erkən vaxtlarda müraciət edin və xəstəliyin digərlərinə ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərə (iş yeri, məktəb, ictimai nəqliyyat ) getməyin.

 

Əgər ailə üzvündə simptomlar müşahidə olunarsa, nə etməliyəm?

Əgər sizdə və ya uşağınızda hərarət, öskürək və ya tənəffüs çatışmazlığı müşahidə edilərsə, tibbi yardım üçün erkən vaxtlarda müraciət etmək lazımdır. Əgər COVİD-19 xəstəliyinin qeydə alındığı ərazilərdə səyahətdə olmusunuzsa, və ya həmin ərazilərdən gəlmiş və respirator simptomlara malik insanla yaxın təmasda olmusunuzsa, həkiminizə əvvəlcədən zəng edib onu məlumatlandırın.

Əlləri düzgün yumağın ən yaxşı üsulu hansıdır?

1-ci addım: Axar su altında əllərinizi isladın

2-ci addım: Yaş əllərinizi kifayət qədər sabunlayaraq onları tamamilə sabun köpüyü ilə örtün.

3-cü addım: Ən azı 20 saniyə ərzində əllərinizin bütün səthlərini , o cümlədən üstünü, barmaqlarınızın aralarını və dırnaqlarınızın altını sürtün.

4-cü addım: Əllərinizi axar su altında yaxşıca yaxalayın.  

5-ci addım: Əllərinizi təmiz parça və ya birdəfəlik istifadə edilən dəsmallarla qurulayın

Əllərinizi tez-tez, xüsusilə də yemək yemədən öncə, burnunuzu sildikdən, öskürdükdən, asqırdıqdan və ya vanna otağına getdikdən sonra yuyun. 

Əgər əl altınızda sabun və yaxud da su yoxdursa, tərkibində ən azı 60% spirt olan antiseptik geldən istifadə edin. Əgər əlləriniz əyani olaraq çirkli görsənərsə, onları daim su və sabunla yuyun.